Azərbaycanda qida təhlükəsizliyi sahəsində özəl laboratoriyaların yaradılması ilə bağlı bir neçə iri şirkət tərəfindən müraciətlər daxil olub. Bunu ONA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib.
Onun sözlərinə görə, hazırda bu laboratoriyalarla əməkdaşlıq mexanizmi qurulur və hansı halda Agentlik onların sınaq nəticələrini qəbul edə biləcəyi izah olunur.
"Qida Təhlükəsizliyi İnstitutu iki belə bir laboratoriya ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Onlar bizim tələblərimizi artıq yerinə yetirməyə başlayıblar. Tələblərin yerinə yetirilməsi prosesi başa çatdıqdan sonra bu laboratoriyalar da prosesin iştirakçısına çevrilə biləcəklər. Proses bu ilin ortalarınadək tamamlanacaq", - deyə E. Mikayılov bildirib.