• İQTİSADİYYAT

    12:00 22 fevral 2019

Qubada elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqinə başlanılıb

Fermerlərin qeydiyyat prosesinə köməklik göstərmək üçün rayon ərazisində 4 xüsusi məntəqə yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyindən ONA-ya verilən məlumata görə, Quba rayonunda fəaliyyət göstərən fermerlər öz aqrar fəaliyyətlərinə dair məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməyə başlayıblar. EKTİS-in tətbiqi ilə bağlı pilot rayon kimi seçilmiş Qubada fermerlərə kömək məqsədilə dörd məntəqə yaradılıb. Fermerlər Quba Dövlət Aqrar İnkişaf Mərkəzində, ASAN Xidmətdə, Fermer evində və Hacıhüseynli kəndində qurulmuş məntəqələrə yaxınlaşaraq, EKTİS-də qeydiyyatdan keçə bilərlər.

Kənd Təsərrüfatı Nazirliyi və ASAN Xidmətin əməkdaşlığı çərçivəsində Səyyar ASAN Xidmət avtobusu Hacıhüseynli kəndində kənd təsərrüfatı məhsullarının istehsalçılarına xidmət göstərməyə başlayıb. Qubanın Hacıhüseynli, Hacıqayıb, Əliməmmədova, Davidova, Ərməkiqışlaq, Qımılqışlaq, Novonikolayevka, Küpçalqışlaq, Mirzəqasım kəndlərində yaşayan fermerlər Səyyar ASAN Xidmət avtobusuna yaxlınlaşaraq EKTİS sistemində özlərinə şəxsi kabinetlər yaradır, aqrar fəaliyyətlərinə dair informasiyalarını qeyd edirlər. Kənd Təsərrüfatı Nazirliyinin yerli və tabeli qurumlarının əməkdaşları, Aqrar İnkişaf Könüllüləri sistemdən istifadə qaydaları, EKTİS-in funksiyaları və üstünlükləri ilə bağlı fermerlərə informasiya-məsləhət xidməti göstərirlər. Bu prosesə cəlb olunan əməkdaşlara bazar ertəsindən başlayaraq xüsusi təlimlər keçirilib, xidmət reqlamenti izah olunub. Eyni zamanda Qubada fəaliyyət göstərən ASAN Xidmət Mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR