“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və keyfiyyətlə tikintisi işləri davam etdirilir.
Dövlət Agentliyindən ONA-ya verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən - H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək.
Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.
Yeni magistral yolun keçdiyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığından yerləşib, əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən isə magistrala giriş-çıxış yolları çəkiləcək. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.
Aparılan tikinti işləri çərçivəsində beton yolda mövcud sement-beton örtüyü sökülüb sahədən kənarlaşdırılıb, köhnə asfalt frezlənib. Həmçinin layihə boyu yararsız material qazılıb çıxarılıb, geri dolğu işləri aparılıb, beton yolda, həmçinin yeni yolun qruntun zəif olduğu yerlərində qaya dolğu işləri görülüb.
Beton yolda yol geyiminin tikintisi işləri artıq yekunlaşmaq üzrədir.
Yeni yolun sözügedən hissələrində 2 yol qovşağı, 1 yol ötürücü, 1 kanal körpüsü, 9 avtomobil tuneli, 1 yeraltı keçid, 74 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton suötürücü boruların tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 000 paqon-metr beton baryerlərin tikilməsi nəzərdə tutulub.
Yeni inşa edilən yol 92 km sonra hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Şabran rayonu Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 km uzunluğa malik yola birləşəcək. Bununla da H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun uzunluğu 152 km təşkil edəcək.
Tikinti işləri layihənin 157-192 km-lik (35km) hissəsində görülüb və bu hissəsində qazma və dolğu işləri tamamlanıb. Bu hissədə yol geyimi işləri, yəni hamarlayıcı lay, əsasın alt layı və əsas lay işləri görülüb, asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Paralel olaraq yolun 137-192 km-lik (55km) hissəsində layihə çərçivəsində həmçinin su ötürücü və drenaj işləri görülüb, alt və ehtiyat keçidləri tikilib. Hazırda ərazidə torpaq dolğusu işləri aparılır.
Bundan başqa, layihə çərçivəsində nəzərdə tutulan 24 körpüdən 6-da işlər tamamlanıb, 4 körpüdə tamamlanma işləri və 7-də isə geoloji qazınti işləri, svay vurma işləri və s. tikinti işləri qismən görülüb.