• İQTİSADİYYAT

    12:43 17 may 2019

Rusiya Turizm Operatorları Assosiasiyası: Azərbaycana gedən rusiyalı turistlərin sayı 5-8 faiz artıb

"Rusiyalı turistlərin MDB ölkələri arasında ən çox seçdiyi istiqamətlərdən biri Azərbaycandır". ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Turizm Operatorları Assosiasiyasının icraçı direktoru Maya Lomidze keçirdiyi mətbuat konfransında deyib.

May bayramları ərəfəsində rusiyalı turistlərin ən çox hansı ölkələrə səyahət etdiyini açıqlayan M.Lomidze bildirib ki, bu siyahıda ilk yeri Türkiyə tutur: "Rusiyalı turistlər may bayramları ərəfəsində Kipr, İspaniya, Xorvatiya kimi ölkələrə səyahət etməyə üstünlük veriblər. Bu müddətdə MDB ölkələri arasında ən çox səyahət olunan ölkələrdən biri məhz Azərbaycan olub. Turizm operatorların qiymətləndirmələrinə görə, rusiyalı turistlər arasında Azərbaycana olan tələbat ötən ilin bu vaxtı ilə müqayisədə 5-8 faiz artıb. Turistlər əsasən Bakı şəhərini və ekskursiya üçün Bakı ətrafını seçirlər".

Maya Lomidze Azərbaycanın daha çox turist cəlb etmək imkanına malik olduğunu, lakin buna bir sıra faktların əngəl törətdiyini bildirib: "Azərbaycan bundan da çox rusiyalı turist cəlb edə bilər. Çünki ölkənizin bunun üçün böyük potensialı var. Əsrarəngiz təbiətə malik Azərbaycanda müalicə kurortları, çimərliklər mövcuddur. Lakin təəssüflər olsun ki, aviabiletlərin baha olması və Azərbaycanın turizm potensialı haqqında informasiyanın, yəni, ölkənin turizm potensialı haqqında reklamın çatışmazlığı buna maneə olur. Azərbaycan çox maraqlı ölkədir və ölkənizə maraq rusiyalı turistlər tərəfindən getdikcə artır".

Rusiya Turizm Operatorlar Assosiasiyasının icraçı direktoru Azərbaycana gələn rusiyalı turistlərin səyahət üçün turizm operatorlarına müraciət etmədiyini, sərbəst olaraq ölkəmizə səyahət etdiklərini vurğulayıb:" Rusiyalı turistlər Azərbaycan təkcə may bayramları zamanı səyahət etmirlər. Ölkəniz səyahət istiqaməti kimi rusiyalı turistlər üçün il boyu tələbatlıdır. Rusiyalı turistlər yaz, yay, payız, hətta qış dövründə də Azərbaycana gedirlər. Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana müntəzəm reyslərin olması da turistlər üçün əlverişlidir".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR