• İQTİSADİYYAT

    18:01 8 aprel 2019

Rusiya və Azərbaycan vergi xidmətlərinin birgə işçi qrupunun iclası keçirilib

“Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”nın “Büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində qarşılıqlı fəaliyyət üzrə yol xəritəsi”nə uyğun olaraq Rusiyanın Federal Vergi Xidməti və Azərbaycanın Vergilər Nazirliyi arasında işçi qrupu yaradılıb.

Vergilər Nazirliyindən ONA-ya verilən məlumata görə, sözügedən işçi qrupunun ilk iclasının keçirilməsi məqsədilə 3-5 aprel tarixlərində Rusiyanın Federal Vergi Xidmətinin Beynəlxalq əməkdaşlıq və valyuta nəzarəti İdarəsinin rəisi Dmitriy Volvaçın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərdə olub.

Səfər zamanı nümayəndə heyətinin üzvləri vergilər naziri Mikayıl Cabbarovla görüşüb. Görüşdə iki ölkənin vergi xidmətləri arasında əlaqələr, o cümlədən işçi qrupu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. İki ölkənin vergi xidmətləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi zəruriliyi vurğulanıb. M.Cabbarov işçi qrupunun iclasının ikitərəfli əlaqələrin möhkəmlənməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsi baxımından səmərəli hesab etidiyini diqqətə çatdırıb.

Sonra Vergilər Nazirliyində işçi qrupun iclası keçirilib. İclasda vergi orqanlarının nəzarət funksiyalarının həyata keçirilməsi, vergi mübahisələrinin məhkəməyəqədər həlli, transfer qiymətəmələgəlməsinə nəzarət, vergi ödəyicilərinin qeydiyyatı, o cümlədən vergi ödəyicilərinə xidmət sahələrində təcrübə mübadiləsi aparılıb.

Səfər çərçivəsində Rusiya nümayəndə heyəti kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının vahid qeydiyyat orqanı prinsipi - “bir pəncərə” sistemi ilə tanış olublar.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR