Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.
Agentlikdən ONA-ya verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisində Nyukasl xəstəliyi qeydə alınıb.
Bununla əlaqədar olaraq, Azərbaycanın baş dövlət baytarlıq müfəttişi tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası ərazisində və Stavropol diyarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə Azərbaycan ərazisinə gələn nəqliyyat vasitələrinin gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.