Mayın 15-17-də Bakı Ekspo Mərkəzində 4 ixtisaslaşmış sərgisini özündə birləşdirən regionun ən genişmiqyaslı tədbiri – XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro 2019”) keçiriləcək.
Sərginin təşkilatçı şirkəti olan "Caspian Event Organisers"dən ONA-ya verilən məlumata görə, sərgi kompleksinin üç zalında və açıq meydançasında yerləşən 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, “WorldFood Azerbaijan”, 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro”, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisi “Ipack Caspian” və 13-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi “HOREX Caucasus” dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirəcək. Ötən il ilə müqayisədə sərginin ekspozisiya sahəsi 20% artıb. Eksponentlərin 70%-ni xarici şirkətlər təşkil edir.
“WorldFood Azerbaijan 2019” sərgisində 19 ölkədən 189 şirkət iştirak edəcək. Sərgi iştirakçıları arasında Azərbaycan, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən şirkətlər yer alır. Bu il İtaliya, Türkiyə və Şri-Lanka tədbirdə milli stendlərlə çıxış edir. Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqortostan, Penza, Voronij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da iştirak edəcək. Bu il sahəsi genişlənmiş Belarus Respublikasının milli stendinin ekspozisiyası eyni anda iki zalda - ikinci və sərginin tarixində ilk dəfə açılmış üçüncü zalda təqdim ediləcək.
Sərgidə debüt edən şirkətlər tədbir iştirakçılarının 40%-ni təşkil edir.
Bu il “Caspian Agro” sərgisi dünyanın 26 ölkəsini təmsil edən 240 şirkət nümayəndələrini bir araya gətirəcək. Gürcüstan və Niderland Krallığı sərgidə milli qruplar ilə iştirak edəcək. Sərgidə ənənəvi iştirakçılar ilə yanaşı, debüt edən ölkə - Mərakeş də yer alır. Sərgidə debüt edən şirkətlərin sayı tədbir iştirakçılarının 40%-ni təşkil edir.
Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi “HOREX Caucasus” sərgisi ilk dəfə olaraq yuxarıda qeyd edilmiş sərgilər ilə eyni platformada keçiriləcək.
Sərgidə Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri təmsil edən iştirakçılar ilə distributor və istehsalçılar arasında qarşılıqlı faydalı sövdələşmələrin imzalanması üçün görüşlər keçiriləcək, habelə mehmanxana, restoran və super-marketlər üçün peşəkar soyuducu avadanlıqlar, mətbəx avadanlıqları, hava təmizləyici sistemlər, mebellər, qablar, turizm üçün mallar (odluqlar, manqallar, qazanlar, şişlər, hisə vermə sobaları), çörəkxana və, qənnadı avadanlıqları nümayiş olunacaq.