Sabirabad rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinə start verilib. Kənd Təsərüfatı Nazirliyindən ONA-ya verilən məlumata görə, ilkin olaraq “Axısxalılar Toxum İstehsal Kooperativi”nin və “Birlik” İstehsal Kooperativinin üzvləri öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS sisteminə daxil ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri Axısxa, Beşdəli və Yaxadəllək kəndlərində məlumatların elektron sistemə daxil edilməsi ilə əlaqədar fermerlərə informasiya məsləhət xidməti göstərməyə başlayıblar. Prosesdə iştirak edən könüllülər xüsusi təlimlərə cəlb olunublar. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Təlim Mərkəzində keçirilən təlimlərdə könüllülərə sistemin funksiyaları, xidmət reqlamenti, məlumatların daxil edilmə ardıcıllığı izah edilib.
Rayon ərazisində fəaliyyət göstərən fermerlər həftənin iş günləri Sabirabad DAİM-ə və Sabirabad “ASAN xidmət” mərkəzinə yaxınlaşaraq EKTİS-də qeydiyyatdan keçə biləcəklər.
EKTİS-in tətbiqi prosesinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Sabirabad “ASAN xidmət” Mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb, Səyyar ASAN xidmət avtobusu Axısxalılar kəndində fermerlərə xidmət göstərir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, Nazirlik EKTİS-in tətbiqi ilə əlaqədar Quba və Şəki rayonlarında pilot layihə həyata keçirib. “Göstərilən səyyar informasiya-məsləhət xidməti çərçivəsində hər iki rayonda 2 minədək fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edib. Quba və Şəkidə start verilən məlumatlandırma prosesi bu gündən başlayaraq Sabirabad rayonunda davam etdirilir”, - deyə V. Hüseynov bildirib.