Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzində kredit yarmarkası keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən ONA-ya verilən məlumata görə, kredit yarmarkaları yanvar ayından başlayan yarmarkalar Qazax, Xaçmaz, Şəmkir, Zaqatala, Masallı rayonlarında keçirilib.
Yarmarkada Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədr müavini Əmir Əmirli, kredit şöbəsinin müdiri və mütəxəssisləri, AKİA-nın müvəkkil kredit təşkilatı olan 16 bank və bank olmayan kredit təşkilatının yerli filiallarının nümayəndələri iştirak edib.
Kredit yarmarkalarını keçirməkdə əsas məqsəd güzəştli aqrar kredit şərtləri, eləcə də kənd təsərrüfatı texnikası və damazlıq heyvanların dövlət güzəşti ilə yeni qaydalarla satışı barədə fermerləri məlumatlandırmaqdır.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 19 dekabr 2018-ci il Fərmanı ilə kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarı liberallaşdırılıb. Bu Fərmana qədər yalnız səhmləri dövlətə məxsus “Aqrolizinq” Səhmdar Cəmiyyətinin bazalarında olan texnika və damazlıq heyvanın satışına dövlət güzəşti tətbiq edilirdisə, yeni qaydalara müvafiq olaraq, istənilən təchizatçıdan kənd təsərrüfatı texnikası və damazlıq heyvan alan şəxs dövlət güzəştindən faydalana bilir.