• İQTİSADİYYAT

    11:52 2 may 2019

Şahin Mustafayev: "Ötən il Azərbaycan Uruqvaya ən çox neft ixrac edən beş ölkədən biri olub"

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşüb.

ONA-nın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Nazir Şahin Mustafayev qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələri inkişaf edir, Azərbaycan 2018-ci ildə Uruqvaya ən çox neft ixrac edən beş ölkədən biri olub. Bununla belə, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Azərbaycan və Uruqvay nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili iqtisadi əməkdaşlığın və biznes strukturları arasında əlaqələrin möhkəmləndirilməsində faydalı ola bilər.

Şahin Mustafayev iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün möhkəm müqavilə-hüquq bazanın yaradılmasının önəmini qeyd edib, Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün potensialı diqqətə çatdırıb. Qeyd edilib ki, Uruqvay şirkətləri Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən faydalana bilərlər.

Öz növbəsində Rodolfo Nin Novoa Azərbaycanda həyata keçirilən islahatlardan və əldə olunan nailiyyətlərdən məmnunluğunu ifadə edərək, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə aparılan müzakirələrin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağını vurğulayıb. O, mövcud potensialdan istifadənin, iş adamları arasında görüşlərin təşkil edilməsinin iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə Bakıda təşkil olunan V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti və bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Görüş çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında" Saziş imzalanıb. Sənəddə iki ölkə arasında iqtisadi, ticarət və texniki əməkdaşlığın genişləndirilməsi məqsədilə Birgə Komissiyanın yaradılması, kiçik və orta şirkətlər arasında əməkdaşlığın, hər iki ölkədə keçirilən beynəlxalq sərgi və yarmarkalarda iştirakın təşviqi, investisiya sahəsində təcrübə mübadiləsinin təşkili və s. məsələlər nəzərdə tutulur.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR