İtalyanın “Saipem Asia Sdn.Bhd” şirkətinin Azərbaycandakı filialının ləğv olunması şirkətin ölkədə hər hansı problemlərlə üzləşməsi ilə bağlı deyil. Bu barədə ONA-ya neft-qaz bazarında olan etibarlı mənbə bildirib.
Mənbənin sözlərinə görə, “Saipem Asia Sdn.Bhd” fəaliyyətini çoxdan dayandırıb və hazırda “Saipem”in Azərbaycanda həyata keçirdiyi layihələr “Saipem Contracting Netherlands BV” şirkətinə bağlıdır.
“Şirkətin Azərbaycandakı filialının ləğv olunması adi bir prosedurdur. “Saipem”in Azərbaycanda bir sıra layihəsi var və onlar qaydasında həyata keçirilir”, - mənbə əlavə edib.
“Saipem” neft-qaz sənayesində obyektlərin inşası ilə məşğul olan beynəlxalq podratçıdır. Şirkət həm quruda, həm də dənizdə neft sənayesi üçün texnoloji cəhətdən mürəkkəb layihələr işləmək məqsədilə müxtəlif xidmətlər təklif edir.
Qeyd edək ki, Vergilər Nazirliyinin məlumatına görə, İtalyanın “Saipem Asia Sdn.Bhd” Azərbaycandakı filialının ləğv olunmasını elan edib. Kreditorlar 2 ay ərzində tələbini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96, Landmark 1, 3-cü mərtəbə ünvanına bildirə bilərlər.