• İQTİSADİYYAT

    12:27 11 aprel 2019

Salyanda müasir hidrotexniki kompleksin tikintisi başa çatıb - FOTOSESSİYA

Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin həyata keçirilməsi məqsədilə mənbəyini Kür çayından götürən hidrotexniki qurğunun tikintisi yekunlaşıb.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin baş mühəndisi Xosrov İmaməliyevin ONA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Azərbaycan Prezidentinin 2 aprel 2018-ci il sərəncamına uyğun olaraq Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihəsi çərçivəsində inşa olunan müasir hidrotexniki kompleksin inşası başa çatdırılıb və yaxın müddətdə istismara veriləcək.

Dövlət investisiyası hesabına inşa edilən hidrotexniki qurğu kompleksində 11 aqreqatlı, 13,7 m³/san su sərfi olan nasos stansiyası və Kür çayına birləşən suqəbuledici qurğu daxildir. Suqəbuledici qurğu vasitəsilə Kür çayından qəbul edilən su kütləsi sudurulducu hovuzda duruldularaq (Kür çayının bulanıqlıq dərəcəsinin yüksək olması ilə əlaqədar) ümumi uzunluğu 15,2 km, bunun 3,2 km 3 xətli 1800 diametrli təzyiqli kompozit boru kəmərləri və 12 kilometrlik açıq beton kanal vasitəsilə suvarma suyu qış otlaq sahələrinə nəql ediləcək. Əsas kanala birləşən uzunluğu 30 km olan paylayıcı kanallar vasitəsilə suvarma suyu müxtəlif sahələrə paylanacaq. Bundan başqa, inşa olunmuş hidrotexniki kompleksə daxil olan 3,2 km uzunluqda sutullayıcı kanal, su sərfi 3,3 m³/san olan drenaj nasos stansiyası, açıq və qapalı suyığıcılar və qapalı drenlər inşa edilib.

Suvarma kompleksini digər qurğulardan fərqləndirən əsas özəlliklərindən biri də orada sudurulducu hovuzların olmasıdır. Belə ki, suvarma suyunun duruldulması gələcəkdə ərazidə müasir suvarma texnologiyalarından, o cümlədən “pivot suvarma” və “damcılama suvarma” sistemlərindən istifadə edilməsinə imkan yaradacaq. Eyni zamanda duruldulmuş suyun istifadəsi zamanı texniki qurğuların və nasosların uzunmüddətli istismarını təmin edəcək. Kompleksin istismara verilməsi ilə 15 950 hektar, o cümlədən Sabirabad rayonunda 14 319 hektar və Biləsuvar rayonunda 1631 hektar əraziyə suvarma suyu nəql ediləcək. Növbəti mərhələlərdə Salyan rayonunun qış otlaq əraziləri də suvarma suyu ilə təmin ediləcək.

Qeyd edək ki, son illərdə respublikada müasir tələblərə cavab verən su anbarlarının, nasos stansiyalarının, suvarma kanallarının və digər su təsərrüfatı obyektlərinin tikilməsi on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi və aqrar sektorun inkişafını stimullaşdırıb. Pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının genişləndirilməsinə xidmət edən aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin açılmasına şərait yaradıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR