Şimal Ərazi Baş Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük postu vasitəsilə ölkə ərazisini tərk edən yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesində yaranmış müvəqqəti sıxlıq aradan qaldırılıb.
ONA Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, problem Rusiya tərəfində sistemdə baş verən texniki nasazlıqla əlaqədar olub.
Belə ki, aprelin 13-də günün birinci yarısında Rusiya Federasiyasının aidiyyəti gömrük qurumları sistemdəki nasazlıqla əlaqədar malların və yük nəqliyyat vasitələrinin qeydiyyatında bir neçə saatlıq fasilənin yaranacağını bildiriblər.
Keçən müddət ərzində mütəmadi olaraq qarşı tərəflə danışıqlar aparılıb və problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Aprelin 15-də saat 16:30-dan etibarən Rusiya tərəfində sistemdə baş verən nasazlıq aradan qaldırılaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilib.
"Samur" gömrük postu vasitəsilə piyadaların və yüngül minik nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi isə gündəlik iş qrafikinə əsasən həyata keçirilir.