Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanda səfərdə olan İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
DGK-dən ONA-ya verilən məlumata görə, görüşdə S. Mehdiyev iki qonşu ölkə arasındakı əlaqələrdən söhbət açıb, Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.
S. Mehdiyev Azərbaycan-İran münasibətlərinin son illər səmərəli və işgüzar əməkdaşlıq müstəvisində inkişaf etdiyini, iqtisadi münasibətlərin gücləndiyini, ticarət dövriyyəsinin artdığını bildirilib. Qeyd olunub ki, hər iki ölkənin strateji baxımdan beynəlxalq ticarət marşrutları üzərində yerləşməsi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə təkan verir.
Qarşılıqlı münasibətlərin uğurlu inkişafından bəhs edən Komitə sədri gömrük xidmətlərinin də bu istiqamətdə təqdirəlayiq fəaliyyət göstərdiyini vurğulayıb.
Qeyd edilib ki, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də gömrük-sərhəd buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlər iki qonşu ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafında müsbət rol oynayır.
Son illərdə Azərbaycanda gömrük sahəsində aparılan islahatlardan bəhs edən S. Mehdiyev vurğulayıb ki, tətbiq edilən yeniliklər ölkənin ixrac potensialını inkişaf etdirmək, gömrük prosedurlarını sadələşdirmək, şəffaflığı təmin etməklə yanaşı, beynəlxalq ticarətin də asan və sürətlə həyata keçirilməsinə münbit şərait yaradıb.
Öz növbəsində R. Rəhmani İranın Azərbaycanla münasibətləri genişləndirməkdə daim maraqlı olduğunu deyib, bütün istiqamətlərdə, o cümlədən, gömrük sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib. Qonaq birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini bildirib.
R. Rəhmani Azərbaycan gömrüyünün əldə etdiyi nailiyyətlərdən bəhs edərək, xüsusilə son dövrlərdə həyata keçirilən islahatları biznes mühitinin yaxşılaşdırılmasına, ticarətin asanlaşdırılmasına yönələn uğurlu addımlardan biri kimi dəyərləndirib.
Daha sonra Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin, ticarət dövriyyəsinin artmasına paralel olaraq beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, eləcə də nəqliyyat vasitələrinin, şəxslərin gömrük sərhədindən təhlükəsiz və maneəsiz keçidinin təmin edilməsi, qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinə dair məsələlər müzakirə olunub.