Bu günə qədər mübadilə proqramı əsasında 6 mindən çox azərbaycanlı ABŞ-da olub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ONA-ya verilən məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberqer Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyaları naziri Ramin Quluzadə ilə İnnovasiyalar Agentliyində görüşü zamanı deyib.
Onun sözlərinə görə, bu rəqəmi qənaətbəxş hesab etmək olmaz və mübadilə proqramlarının sayı artırılmalıdır.
“Düşünürəm ki, Azərbaycanda innovasiya ekosisteminin inkişafı üçün böyük potensial var. Belə proqramlar iki ölkə arasında əməkdaşlığın genişlənməsinə kömək edir. Səfirliyin büdcəsi məhdud olduğuna görə biz özəl şirkətlərin bu cür proqramlara sponsor olmasını arzu edirik”, - deyə səfir qeyd edib.
Səfir həmçinin əlavə edib ki, artıq Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) üzvü olan şirkətlərlə mübadilə fəaliyyətinə sponsorluq etmələri ilə bağlı təkliflər verilib.
Öz növbəsində R. Quluzadə startap hərəkatının inkişaf etdiyi ABŞ kimi bir ölkənin Azərbaycanda bu sahənin inkişafına göstərdiyi dəstəyin əhəmiyyətindən danışıb. Səfirlik və ABŞ şirkətləri ilə birgə layihələrin həyata keçirildiyini deyən nazir bu əməkdaşlığın davam edəcəyini bildirib.