• İQTİSADİYYAT

    18:10 14 mart 2019

Şəki-Zaqatala iqtisadi rayonunun sahibkarlarına 2,3 mln. manat güzəştli kredit verilib

Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, yeni dəstək mexanizmlərinin tətbiqi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir. ONA xəbər verir ki, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum martın 14-də Balakən rayonunda keçirilib. Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan tütünçülük, baramaçılıq, arıçılıq, qərzəkli bağçılıq təsərrüfatlarının, tütünqurutma kameralarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və özəl bölmənin iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirlərinin sistemli və ardıcıl olaraq davam etdirildiyini vurğulayıb. Bildirilib ki, sahibkarlığın maliyyə resursları ilə təmin olunması əsas mexanizmlərdəndir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu fəaliyyət göstərdiyi dövrdə investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manatadək güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 165 mindən çox yeni iş yerinin açılması imkanı yaradıb. Sahib Məmmədov bu ilin ötən dövründə 130 sahibkara 15,7 milyon manat güzəştli kredit verildiyini, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılmasının 600-dək iş yerinin açılmasına imkan verdiyini qeyd edib, müvəkkil kredit təşkilatları və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

İşgüzar forum çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 19 sahibkara 2,8 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, sərinləşdirici içkilər və quru meyvə istehsalı, logistik mərkəzin yaradılması, heyvandarlıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 80 iş yerinin açılması mümkün olacaq.

Ümumilikdə, isə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 113,7 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Balakəndə dövlətin güzəştli krediti ayrılan meyvə emalı və quru meyvə istehsalı müəssisəsinə baxış keçirilib. Bu müəssisədə istehsal olunan məhsullar bir çox xarici ölkələrə, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan, Küveyt, İsrailə ixrac olunur. Yaxın vaxtlarda məhsulların ABŞ, BƏƏ, Belarus və Qazaxıstana ixracı nəzərdə tutulur.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR