Şəki şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb. Bununla da artıq Şəki-Zaqatala iqtisadi rayonu üzrə Qəbələ və Şəki şəhərlərində olmaqla KOB dostlarının sayı 2-yə çatıb.
ONA-nın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bununla əlaqədar Şəki şəhərində keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkə başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı, Şəkidə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, “KOB Dostu” mexanizminin sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlayanlara böyük dəstək olacağını qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Agentliyin fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib, Azərbaycan Respublikası Prezidentinin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, “KOB Dostu" mexanizminin dövlət-sahibkar əməkdaşlıq platforması əsasında formalaşan önəmli layihələrdən olduğunu diqqətə çatdırıb. Bildirilib ki, “KOB Dostu” fəaliyyət göstərdiyi şəhər və rayonlarda mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılmasına, yeni KOB subyektlərinin yaradılması və inkişafına, eləcə də KOB-ların hüquqlarının müdafiəsinə dəstək göstərir. Artıq Şəki-Zaqatala iqtisadi rayonunda Qəbələ və Şəkidə olmaqla 2 “KOB Dostu” fəaliyyət göstərir. İqtisadi regionun digər şəhər və rayonlarında da KOB dostlarının təşkili nəzərdə tutulur. Ümumilikdə isə, hazırda ölkənin 13 şəhər və rayonunda KOB dostları fəaliyyət göstərir.