2019-cu ilin yanvar ayında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,9 faiz artaraq 3,2 milyard manat təşkil edib.
ONA Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 83,2 faizi mədənçıxarma, 14,5 faizi emal, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,6 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87,8 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 12,2 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 fevral 2019-cu il vəziyyətinə 258,1 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 34,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.