Bu ilin sentyabr ayında Qazaxıstanın Nur-Sultan şəhərində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır.
İqtisadiyyat Nazirliyindən ONA-ya verilən məlumata görə, qeyd olunan məsələ Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreev ilə görüş zamanı səsləndirilib.
Görüşdə TDƏŞ çərçivəsində iqtisadi əməkdaşlığın cari vəziyyəti və onun genişləndirilməsi imkanları barədə müzakirələr aparılıb. Bildirilib ki, üzv ölkələr arasında ticarət əlaqələrinin şaxələndirilməsi, kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.
Görüşdə Azərbaycanın ixracın təşviqi sahəsində tətbiq etdiyi mexanizmlərin, o cümlədən ticarət evlərinin yaradılmasının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın bir sıra xarici ölkələrdə ticarət evləri açılıb və uğurla fəaliyyət göstərir.
Görüşdə TDƏŞ çərçivəsində Sənaye-Ticarət Palatasının, Birgə İnvestisiya Fondunun yaradılması, təşkilatın 2019-cu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək VII Zirvə Toplantısının çərçivəsində biznes-forumun təşkili və s. məsələlər müzakirə edilib.