• İQTİSADİYYAT

    12:44 7 mart 2019

Taksilərin salonunda daşınma qiymətləri yazılmış lövhə asılmalı, taksometr qoyulmalıdır

Taksi minik avtomobillərinin daxili tərtibatına dair tələblər müəyyənləşib.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də əksini tapıb.

Beləliklə, taksi minik avtomobillərində sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkli və Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən fərdi kod nömrəsi, eləcə də daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı göstərilən 110x60 mm ölçüdə məlumat lövhəsi olmalıdır. Taksi minik avtomobilləri taksometr aparatı və ya müvafiq proqram təminatı ilə təchiz edilməlidir. Taksometr taksi minik avtomobilinin salonunda sərnişinlərin rahat məlumat almaları üçün uyğun yerdə quraşdırılmalıdır.

Taksi minik avtomobillərinin oturacağında, oturacaq üzlüyündə, döşəmə xalçasında və ya digər daxili hissəsində heç bir qüsur olmamalıdır. Ön və arxa oturacaqların üzərini örtmək üçün tikilmiş örtüklərin istifadəsinə icazə verilmir. Örtük kimi avtomobil yorğanlarının istifadəsinə icazə verilir. Salonun daxili bütövlükdə təmiz, səliqəli olmalı və xoşagəlməz qoxular olmamalıdır. Taksi minik avtomobillərində sərnişinlər tərəfindən yaxşı görülə bilən yerdə daşınma haqqının tarifləri əks olunmuş lövhə asılmalıdır. Beynəlxalq hava limanında taksi kimi istifadə edilən minik avtomobillərində daşıma haqqı tarifləri Azərbaycan və ingilis dillərində göstərilməlidir.

Taksi minik avtomobilində sərnişinlər tərəfindən yaxşı görünən yerdə lövhədə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olması təmin edilməlidir.

Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobillərində, eləcə də beynəlxalq hava limanında sərnişindaşıma xidməti üçün istifadə olunan taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR