• İQTİSADİYYAT

    18:07 15 aprel 2019

Azərbaycan AÇG-də payını artıra bilər

SOCAR “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənilməsi konsorsiumunda iştirak payının artırılması məsələsini nəzərdən keçirə bilər. Bu barədə ONA-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Qeyd edək ki, daha əvvəl “ExxonMobil” və “Chevron” şirkətləri bazarda müvafiq qiymətləndirmə işlərinin aparılması və AÇG layihəsində öz paylarının satması barədə niyyətlərini bildiriblər.

İ. Əhmədovun sözlərinə görə, SOCAR-ın mövqeyi belədir ki, saziş iştirakçıları layihədə öz paylarını sata, başqa iştirakçılar isə sözügedən payları əldə edə bilərlər. SOCAR da layihənin digər iştirakçıları kimi konsorsiumda öz payının artırılması məsələsini nəzərdən keçirə bilər.

“SOCAR konsorsiumda əlavə payın alınması məsələsini nəzərdən keçirə bilər. Bu da onunla əlaqədardır ki, “Azəri-Çıraq-Günəşli” ən mənfəətli yataqlardan biridir", - deyə İ. Əhmədov qeyd edib.

SOCAR təmsilçisinin sözlərinə görə, sözügedən şirkətlər rəsmi olaraq öz paylarını təklif eləməli, ondan sonra isə potensial alıcılardan onlara verilər təklifləri nəzərdən keçirib, qərar verə bilər: "Ola bilsin ki, təkliflər onları qane etməyəcək və şirkətlər fikirlərindən vaz keçəcəklər. Payların yalnız bir hissəsinin satılacağı da isitsna deyil. Hazırda heç bir şey bəlli deyil. Lakin belə bir niyyətləri mövcud idi”.

Qeyd edək ki, daha əvvəl BP-nin rəhbəri Robert Dadli şirkətin AÇG-də “ExxonMobil” və “Chevron”nun paylarını almaq niyyətində olduğunu bildirmişdi. BP AÇG layihəsində iştirakından məmnundur, lakin sözügedən layihədə iştirak payının artırılması imkanı yaransa şirkət bundan yararlanacaq: “Hər şey qiymətdən asılı olacaq”.

Xatırladaq ki, BP AÇG layihəsinin operatoru qismində çıxış edir. Hazırda şirkəti bu layihədəki payı 30,37% təşkil edir. Layihənin digər iştirakçıları isə SOCAR (25%), “Chevron” (9,57%), “ExxonMobil” (6,79%) ONGC (2,31%), “Inpex Corp.” (9,31%), “Itochu Oil” (3,65%), “Statoil” (7,27%) və TPAO (5,73%) şirkətləridir.

Emil

Teqlər:

SON XƏBƏRLƏR