SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) modernləşdirilməsi və yenidən qurulması çərçivəsində yeni Neftin İlkin Emalı qurğusunun tikintisinə 2020-ci ildə başlana bilər.
ONA-nın məlumatına görə, bunu SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov deyib.
Onun sözlərinə görə, əgər qurğunun tikintisi 2020-ci ildə başlasa, ən yaxşı halda işlər 2023-cü ilin sonunda başa çatacaq.
"Hazırda SOCAR layihələndirmə, mühəndislik və tikinti üzrə iki podratçı ilə müzakirələr aparır. Onlar təkliflərini verdikdən sonra SOCAR təkliflərə baxıb, öz seçimini edəcək", - deyə D. Məmmədov bildirib.
Qeyd edək ki, SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirmişdi ki, zavodda yeni qurğunun tikintisi daha sərfəli və səmərəli olacaq.
Bundan əvvəl BNEZ-də neftin ilkin illik emal gücü 7,5 mln. tonadək artırılması çərçivəsində zavodda yerləşən illik gücü 6 mln. ton təşkil edən Neftin İlkin Emalı qurğusunun (ELOU-AVT) modernləşdirilməsi və keçmiş "Azərneftyağ" neft emalı zavodundakı illik məhsuldarlığı 2 mln. ton olan Neftin İlkin Emalı qurğusunun BNEZ-nin ərazisinə köçürülməsi nəzərdə tutulurdu.
Yeni qurğunun inşasının təxmini dəyəri 350 mln. dollara yaxın ola bilər. Qurğunun tikintisi 3,5 il vaxt tələb edəcək.