SOCAR 2018-ci il üçün audit olunmuş maliyyə hesabatını açıqlayıb.
APA-nın SOCAR-a istinadən verdiyi məlumata görə, hesabata əsasən, şirkət ümumi gəlirlərini əvvəlki illə müqayisədə artıraraq 111,2 mlrd. manata çatdırıb. Satışların maya dəyəri 105,5 mlrd manat, xalis əməliyyat xərcləri isə 2,1 mlrd. manat təşkil edib.
Ötən ildə şirkətin əməliyyat gəliri artaraq 3,6 mlrd. manata çatıb. SOCAR-ın fəaliyyət göstərdiyi bəzi xarici ölkələrdə valyuta kursunun dəyişkənliyi xərclərin artımına səbəb olsa da, şirkət 2018-ci ili mənfəətlə başa vurmağa nail olub. Beləliklə, şirkətin xalis mənfəəti 1,2 mlrd. manat təşkil edib. Hesabat ilində xam neftin satışından 58,5 mlrd. manat, neft məhsullarının satışından isə 40,1 mlrd. manat əldə edilib.
“2017-ci və 2018-ci illərdə SOCAR maliyyə göstəricilərini neft böhranından əvvəlki səviyyəyə qaldırmağa nail olmuş, illəri mənfəətlə başa vurmuşdur. Ötən il dövriyyədə müsbət saldonun əldə olunmasına əsas etibarilə, dünya neft bazarında qiymətlərin artması, STAR və Polipropilen zavodlarının istismara verilməsi ilə neft-kimya məhsullarından daha yüksək gəlirin əldə edilməsi, “Şahdəniz-2” layihəsi üzrə təbii qaz satışının yüksəlməsi səbəb olub. Növbəti illərdə yeni layihələrin başa çatdırılması və dayanıqlı istismarı ilə bu müsbət dinamikanı qorumağa çalışacağıq”, - deyə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
Audit olunmuş maliyyə hesabatlarına görə, SOCAR Qrupunun ümumi aktivləri ötən il 62,1 mlrd. manat, bunun müqabilində ümumi borc öhdəlikləri 13,7 mlrd. manat təşkil edib. SOCAR-ın cəmi kapitalı əvvəlki illə müqayisədə artaraq 24 mlrd. manata çatıb. Qeyd edək ki, son 10 ildə SOCAR-ın ümumi gəlirləri 24, cəmi kapitalı isə 3 dəfədən çox artıb.