SOCAR Azərbaycanın quru ərazilərində daha dərin qatların kəşfiyyat işlərini aparmağı planlaşdırır. ONA-nın məlumatına görə, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov deyib.
Onun sözlərinə görə, daha əvvəl quruda kəşfiyyat və hasilat işləri məhsuldar qatlarda aparılıb. Lakin hazırda texnologiyaların imkanları daha dərin və yaşlı qatlarda kəşfiyyat işlərini aparmağa imkan verir.
SOCAR Xəzərin Azərbaycan sektorunda yerləşən bir sıra sahələrdə və strukturlarda kəşfiyyat işlərin aparılmasını planlaşdırır.
Ümumiyyətlə, B. Hüseynovun sözlərinə görə, indiyədək Azərbaycanda 80-dən çox yataq aşkar edilib, onların da 28-i dənizdə yerləşir: "Azərbaycan ərazisində 66 sahədə əlavə seysmik işlərin aparılması üçün ehtiyac var. Bunlardan 32-si dənizdə, 34-ü isə quruda yerləşir."