Dollarda illik 5% gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının sayca 10-cu faiz ödənişi edilib və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 12,5 mln. ABŞ dollarına yüksəlib. 2021-ci ilədək dövriyyəsi davam edəcək SOCAR istiqrazları üzrə qarşıdakı rüblərdə daha 10 dəfə faiz ödənişi ediləcək ki, bunun da müqabilində istiqraz sahibləri əlavə 12,5 mln. dollar qazanmış olacaqlar (toplamda 25 mln. dollar).
ONA-nın “SOCAR Capital” şirkətinə istinadən verdiyi məlumata görə, aprelin 17-də SOCAR istiqrazları üzrə 2019-cu ilin ikinci faiz ödənişi həyata keçirilib. Hər istiqraz üçün 12,5 dollar olmaqla, ümumilikdə 1,250 mln. dollar vəsaitin bir həftə əvvəldən Milli Depozit Mərkəzinin Azərbaycan Mərkəzi Bankındakı hesabına köçürüldüyü bildirilib.
Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 172 mln. dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb–satılan qiymətli kağızdır – 2019-cu ilin ilk rübündə 120-dən çox, ümumilikdə isə 1 700 əqd bağlanıb. Hətta böyük tələbat nəticəsində SOCAR İstiqrazlarının market–meyker satış qiyməti 1 046 dollara yüksəlib.
1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR İstiqrazlarının 17 aprel tarixində ümumi faiz ödənişlərinin artıq yarısı yekunlaşmış oldu.
İstiqrazlar üzrə növbəti faiz ödənişinin 17 iyul tarixində baş tutacaq.