SOCAR 2021-ci ilin sonunadək Azərbaycanın “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarının tutumunu 5 mlrd. kubmetrə çatdırılmasını planlaşdırır.
ONA-nın SOCAR-dan olan etibarlı mənbəyə istinadən verdiyi məlumata görə, hazırda “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarının tutumu 3,5 mlrd. kubmetr təşkil edir.
Qaz anbarlarının tutumunun artırılması kompressor stansiyalarının tikintisi, yeni quyuların qazılması və infrastrukturun yaradılması sayəsində mümkün olacaq.
“Hazırda "Qalmaz"da yeni kompressor stansiyasının tikintisi davam etdirilir. Bir stansiyanın "Qaradağ"da da tikintisi nəzərdə tutulub. Hər iki anbar üzə yeni quyuların da qazılması davam etdirilir”, - deyə mənbə qeyd edib.
Mənbənin sözlərinə görə, ümumiyyətlə, anbarların tutumunun artırılması məqsədilə onlarla yeni quyunun qazılması nəzərdə tutulub.
Yeraltı qaz anbarlarının saxlama gücünün artırılması Azərbaycanda yaxın illərdə qaz hasilatının artması (“Şahdəniz-2” layihəsinin həyata keçirilməsi və yeni yataqlarda hasilata start verilməsi ilə əlaqədar) fonunda olduqca aktual və zəruri məsələ hesab olunur: “Görülən işlər əlavə qaz həcmlərini anbarlarda saxlamaq üçün geniş imkanlar yaradacaq”.