SOCAR Bakı-Novorossiysk (şimal istiqamətində) kəməri ilə neftin nəqlini hələ bərpa etməyib. Bunu ONA-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Qeyd edək ki, SOCAR Bakı-Novorossiysk istiqaməti üzrə neftin nəqlini bu ilin mart ayında dayandırıb, bu da kəmərdə planlaşdırılmış təmir və nəzarət işlərinin aparılması ilə əlaqədardır.
“Neftin nəqli hələ bərpa edilməyib. Vəziyyət olduğu kimi qalır. Nəql bərpa edildikdən sonra ictimaiyyətə bu barədə xəbər veriləcək”, - deyə İ. Əhmədov qeyd edib.
Ötən il SOCAR Bakı-Novorossiysk boru kəməri ilə təxminən 1,3 mln. ton neft nəql edib. 2017-ci ildə bu göstərici 1,5 mln. ton təşkil edib. Bundan öncə bildirildi ki, 2019-cu ildə Bakı-Novorossiysk boru kəmərinin 1,5 mln. ton neft ixrac etməsi planlaşdırılır.
Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1,147 kilometrdir: Azərbaycan hissəsinin uzunluğu 231 kilometr, Rusiya hissəsinin uzunluğu isə 916 kilometrdir.