SOCAR-ın Türkiyədəki törəmə şirkəti "SOCAR Energy Turkey" şirkəti "STAR" Neft Emalı Zavodunun (NEZ) ehtiyaclarını ödəmək üçün İran neftini ala bilər.
ONA-nın məlumatına görə, bunu "SOCAR-Türkiyə Emal və Neft-Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, NEZ əsasən ağır neft çeşidlərinin emalı üçün nəzərdə tutulub və bu baxımından İran nefti tam uyğun gəlir, lakin hazırda məlum siyasi səbəblərdən (sanksiyalar səbəbindən – red.) bu neftin alınması mümkün deyil. Buna baxmayaraq, qeyd olunan məsələlər həll olunduğu şəraitdə İran nefti NEZ-də emal üçün alına bilər.
A. Məmmədov əlavə edib ki, Venesuela nefti də ağır olduğundan NEZ-də emal üçün tam uyğun gəlir, lakin bu ölkəyə qarşı da sanksiyaların tətbiqi Venesueladan neftin alışını mümkünsüz edir.
Hazırda NEZ-də emal üçün neft əsasən Rusiya, Qazaxıstan, Norveç, Mərakeş, Tunis və digər ölkələrdə alınır. Ümumiyyətlə, indiyədək NEZ-də emal üçün mümkün olan 28 növ neft test olunub, A. Məmmədov əlavə edib.