SOCAR Türkiyə tərəfinə kömək etməyə həmişə hazırdır. ONA-nın Türkiyənin "Anadolu Ajansı"na istinadən verdiyi xəbərə görə, bunu mayın 2-dən etibarən ABŞ-ın İran neftinin idxalı ilə bağlı qərarın vaxtının bitməsini xatırlayan SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev bildirib.
Qeyd edək ki, 2018-ci ilin mayında ABŞ İranın nüvə proqramı sazişindən çıxaraq, bu ölkəyə qarşı ilk sanksiyalarını tətbiq edib və həmin ilin noyabrın 4-də İrandan neftin alınmasına dair qadağa qüvvəyə minib. Lakin, sonra ABŞ səkkiz ölkəyə (Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstan) 180 günlük möhlət verib. Ağ Ev artıq xəbərdarlıq edib ki, 2019-cu ilin mayın 2-də sözügedən müddət başa çatır.
"Əminik ki, Türkiyə qlobal prosesləri və ölkədəki vəziyyəti nəzərə alır. Lazım olsa, SOCAR Türkiyəyə həmişə kömək etməyə hazırdır", - deyə V. Əliyev qeyd edib.
Əlavə edək ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların sərtləşdirilməsi OPEC+ çərçivəsində neft hasilatını azaltmaq üçün razılaşmanın uzadılması zərurətini aradan qaldıra bilər.
OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılaşıb. OPEC+ çərçivəsində neft hasilatının azaldılmasına dair sövdələşmənin uzadılması məsələsinin müzakirəsi mayda başlayacağı barədə deyilirdi.