SOCAR və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında idxalın əvəzlənməsi və yerli istehsalın dəstəklənməsi üçün elektron portalın yaradılması haqda anlaşma memorandumu imzalanıb.
ONA-nın məlumatına görə, memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və mərkəzin İcraçı direktoru Vüsal Qasımlı imzalayıblar.
Portalda SOCAR-ın istehsalat məqsədləri üçün mütəmadi istifadə etdiyi mal-material və xidmətlərin siyahısının yerləşdirilməsi və daha əvvəl xaricdən əldə edilən həmin mal və xidmətlərin son satınalma şərtlərinin göstərilməsi planlaşdırılır. Həmin şərtlərə uyğun təklif verən kiçik və orta sahibkarlar ilə birbaşa və uzunmüddətli əməkdaşlıq sazişlərinin bağlanması nəzərdə tutulub.