SOCAR və Malaziyanın "Petronas" şirkəti maraq doğuran müxtəlif sahələrdə tərəfdaşlıq imkanlarını dəqiqləşdirəcəklər.
ONA-nın SOCAR-a istinadən verdiyi məlumata görə, aprelin 29-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Petronas" şirkətinin prezidenti Tan Sri Van Zulkifli Van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə SOCAR və "Petronas" arasında mövcud tərəfdaşlıq məsələləri müzakirə olunub, o cümlədən "Şahdəniz" layihəsinin yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı qonaqlara məlumat verilib. Bildirilib ki, "Şahdəniz" yatağının işənməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin digər seqmentləri üzrə işlər tam sürətlə, bəzən hətta qrafiki qabaqlamaqla yerinə yetirilir. Şirkətlər arasında hasilat, satış və digər sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə qeyd olunub ki, maraq doğuran müxtəlif sahələrdə tərəfdaşlıq imkanlarının dəqiqləşdirilməsi aparılacaq.
Tan Sri Van Zulkifli Van Ariffin bu cür yüksək səviyyəli görüşlərin faydalı olduğunu bildirib, gələcəkdə Bakıda və Malaziyada növbəti görüşlərin keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Xatırladaq ki, Malayziyanın "Petronas" şirkəti "Şahdəniz" yatağının işlənməsi layihəsində 15,5%, Cənubi Qafqaz boru kəməri layihəsində 15,5%, "Azerbaijan Gas Supply Company"də isə 12,4% paya sahibdir.