• İQTİSADİYYAT

    17:41 31 may 2019

SOCAR və "Tekfen" karbamid zavodunun inşasına dair anlaşma memorandumu imzalayıblar

SOCAR və “Tekfen” yeni karbamid zavodunun tikilməsinə dair anlaşma memorandumu imzalayıblar.

SOCAR-dan ONA-ya verilən məlumata görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin “Tekfen” şirkətlər qrupunun İdarə Heyətinin sədri Murat Gigin və şirkətlər qrupunun prezidenti Cahit Oklapın rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüş keçirib.

Görüş çərçivəsində Rövnəq Abdullayev və Murat Gigin Azərbaycanda yeni Karbamid Zavodunun tikilməsinə dair qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

SOCAR uğurla ərsəyə gətirdiyi mövcud Karbamid Zavodunun tikintisində əldə etdiyi təcrübəyə əsaslanaraq Sumqayıtda gündəlik istehsal gücü 1 200 ton ammonyak və 2 000 ton karbamid həcmində olan yeni istehsalat obyektinin tikintisini nəzərdən keçirir. Memorandumda həmçinin mövcud və yeni gübrə kompleksinin məhsullarının marketinqi üzrə əməkdaşlıq nəzərdə tutulur.

Sənədə əsasən, növbəti mərhələdə şirkətlər arasında İşçi Qrup yaradılacaq və yeni zavodun inşası ilə bağlı yekun qərarın verilməsi üçün “Tekfen Contracting” Qrupuna daxil olan şirkətlərin sözügedən zavoddakı obyektlərin tikintisində EPC (mühəndislik, satınalma və inşaat-montaj) əsasında mümkün iştirakı, Tikiləcək obyektlərdə istehsal edilməsi planlaşdırılan və əlavə dəyər yaradacaq məhsulların marketinq, satış və paylanması işlərinin “Tekfen”in Türkiyə bazarında geniş diler şəbəkəsinə malik törəmə şirkəti “Toros Tarım” tərəfindən aparılması, yeni məhsulların inkişafı və dünyanın müxtəlif regionlarında bazara çıxarılması perspektivinin effektivliyi, Yeni kompleksin tikilib istifadəyə veriləcəyi dövr ərzində “Toros Tarım”ın mövcud SOCAR karbamid zavodunda istehsal olunan məhsulların marketinqi, satışı və paylanmasında mümkün rolu, Yeni Karbamid zavodunda SOCAR və Tekfenin ortaq səhmdarlar qismində iştirak etməsi təhlil ediləcək.

SOCAR bu gün şaquli inteqrasiya olunmuş çevik və yüksək rəqabət qabiliyyətli bir şirkət kimi neft və qaz sənayesinin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Son illərdə şirkət neft və qaz kimyası sənayesində fəaliyyətini əhəmiyyətli dərəcədə artırmış, Azərbaycanda polimer məhsulları və Karbamid gübrəsinin istehsalı üzrə yeni zavodlar inşa edərək istismara verib. “SOCAR Polymer” və SOCAR karbamid zavodları şirkətin dəyər zəncirində son həlqələr olaraq, öz xammalını SOCAR-ın digər müəssisələrindən əldə edir və bu sinerjidən böyük miqyasda əlavə dəyər yaranır. SOCAR Azərbaycanın gəlirlərinin artırılması və ölkədə yeni iş yerlərinin yaradılması məqsədi ilə yeni investisiya imkanlarını araşdırmaqda davam edir.

Emil

Teqlər:

SON XƏBƏRLƏR