Son 20 il ərzində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) kredit xətti ilə Azərbaycan banklarına 500 mln. ABŞ dollarınadək vəsait kiçik və orta sahibkarların bizneslərinin və onun daxilində 25 minə yaxın qadın sahibkarlarının dəstəklənməsinə yönəldilib.
ONA-nın xəbərinə görə bunu “Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda təşkil olunan tədbirdə çıxış edən IFC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.
Onun sözlərinə görə, bundan əlavə IFC ölkədə ilk beynəlxalq hotel zəncirinin açılmasına, habelə ölkədə mikro-maliyyə xidmətləri göstərən ilk kommersiya bankının yaradılmasına dəstək verib.
"Çevik və dayanıqlı özəl sektor iqtisadi artım üçün çox vacibdir. İnvestorlar və şirkətlər yeni investisiyalar yatırır, yeni iş yerləri açır, məhsuldarlığı artırır və iqtisadiyyatın böyüməsini təşviq edir. Ölkənin özəl sektorunda investisiyaların aşağı səviyyədə qalması səbəbindən Azərbaycan yeni artım mənbələrin axtarışındadır və buna görə əvvəlki yanaşmalar artıq keçərli deyil. Ölkə rəhbərliyi yeni iqtisadi islahatlar gündəminə başlayıb və Azərbaycan dövlət sektorunu asanlaşdırıcı, özəl sektorun isə aparıcı qüvvəsinə çevirməyə qadir yeni iqtisadi model hazırlanmaqdadır ", - deyə A. Əzimova qeyd edib.