Plastik tullantılardan yol çəkilişində istifadə edən Şotlandiyanın “MacRebur” şirkəti Azərbaycanla əməkdaşlığa başlayıb.
APA-nın xəbərinə görə, şirkət Azərbaycanın yol infrastruktur şəbəkəsini yeniləmək üçün nəzərdə tutulmuş 1 milyon funt sterlinq dəyərində yeni müqavilə imzalayıb.
Müqaviləyə əsasən ölkə daxilində 1690 km uzunluğunda plastik yolun çəkilməsi planlaşdırılır. Bunun üçün təkrar emal olunmayan 500 tondan çox plastik tullantı Azərbaycanın yollarını yaxşılaşdırmaq üçün istifadə ediləcək.
“MacRebur” şirkətinin baş icraçı direktoru və həmtəsisçisi Tobiy MakKartni razılaşmadan məmnunluğunu bildirib: “Azərbaycanda və digər ölkələrdə plastik tullantılardan istifadə edilərək yolların çəkilməsi ilə bağlı işimizə rəsmən başlamaqdan çox məmnunuq. “GlobalData”nın hesabatına görə, Azərbaycanda tikinti sənayesi 2021-ci il ərzində təxminən 10% artacaq. Azərbaycan hökuməti də ambisiyalı planlarını açıqlayıb. İnanırıq ki, hökumət tərəfindən dəstəklənən müqavilə sayəsində bu əhəmiyyətli işdə həyati rol oynaya biləcəyik”.
O bildirib ki, çəkilən hər kilometr yola 740 541 ədəd birdəfəlik plastik torbadan istifadə olunur: “Başqa sözlə desək, bir ton "MacRebur" qarışığı 80 000 plastik şüşəyə bərabərdir. 1690 km iki zolaqlı yol üçün təxminən 33 tonluq karbon emissiyası kompensasiya olunur”.
Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da müqaviləni yüksək qiymətləndirib. Səfir qeyd edib ki, “MacRebur” Azərbaycanın yol infrastrukturunun daha da gücləndirilməsinə kömək edəcək. O, Britaniyanın digər şirkətlərini də Azərbaycanla əməkdaşlığa çağırıb: “Azərbaycan Çinlə Avropanı birləşdirən Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin mərkəzindədir və digər regional ölkələrə daxil olmaq üçün yaxşı imkanlar təqdim edir”.
Qeyd edək ki, “MacRebur” poliqon və ya yandırma üçün nəzərdə tutulmuş təkrar emal olunmayan plastik tullantıları emal edərək yol tikintisi və üzlük üçün asfalt qatına əlavə edir. Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən şirkət Şotlandiyanın Lockerbie şəhərində yerləşir və artan plastik tullantı epidemiyasına cavab olaraq son bir neçə ildə əhəmiyyətli dərəcədə böyüyüb.
Şirkət bu yaxınlarda qlobal bazarlarda genişlənmənin davam etdiyini bildirib və öz məhsullarının dünyanın 30-dan çox ölkəsində aktiv olduğunu, o cümlədən ABŞ, Braziliya, Türkiyə, Norveç, Barbados, İspaniya, Cənubi Koreya və Estoniya ilə əməkdaşlığa başladığını elan edib.