Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Standartlaşdırma haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
ONA-nın məlumatına görə, Milli Məclisdə birinci oxunuşdan keçmiş qanun layihəsinə ikinci oxunuşda bir sıra əlavələr edilib.
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) direktoru Namiq Tağıyev bildirib ki, qanun layihəsinin ikinci oxunuş üçün hazırlanmış variantında ilkin standartların qəbul edilməsi mexanizmi nəzərdə tutulub, daha sonra bu standartın milli dövlət standartına çevrilməsi mexanizmi mövcud olacaq. İlkin dövlət standartı tətbiqi müvəqqəti olan, istifadəsi lazımi təcrübənin əldə olunması üçün nəzərdə tutulan standartlaşdırma üzrə normativ sənəddir. N.Tağıyev nəzərə çatdırıb ki, qanun layihəsində sahə standartları yer almır, sahə standartlar ləğv olunur. Bunun səbəbi kimi sovet dövründən fərqli olaraq, hazırda sahə standartlarının öz aktuallığını itirməsi nəzərə çatdırılıb.
N.Tağıyev xaricdə dövlət standartlarının maliyyələşdirilməsində özəl şirkətlərin aktiv iştirak etdiyini və qanun layihəsində də Azərbaycan üçün belə halın nəzərdə tutulduğunu nəzərə çatdırıb.
Millət vəkili Əli Məsimov Azərbaycana insan orqanizmi üçün çox təhlükəli malların gəlməsinin qarşısının alınmalı olduğunu söyləyib: “Söhbət tək enerji içkilərindən getmir, vaxtı ötmüş mallar da problemdir. Əgər standartları beynəlxalq səviyyəyə qaldırmaq istəyiriksə, elə mexanizm qurmalıyıq ki, beynəlxalq standartlar avtomatik Azərbaycanda da qəbul olunsun”.
Layihə Milli Məclisin fevralın 9-da keçiriləcək plenar iclasına tövsiyə edilib.