• İQTİSADİYYAT

    13:44 29 mart 2019

STAR neft emalı zavodunda bütün qurğular istismara verilib

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Türkiyəyə işgüzar səfər çərçivəsində Əliağa yarımadasında olmuş, "Petkim", STAR neft emalı zavodu, SOCAR Terminalı və SOCAR-a məxsus olan digər müəssisələrin cari vəziyyətilə tanış olmuş, STAR zavodu İdarə Heyətinin toplantısında iştirak ediblər.

ONA-nın SOCAR-a istinadən verdiyi məlumata görə, iclasda qeyd olunub ki, zavodun tam istismar gücünə çatdırılması ilə əlaqədar istehsalat göstəricilərində ilin əvvəlinə nisbətən mühüm irəliləyiş əldə olunub. 5 ay müddətində əsas sazlama işləri uğurla tamamlanıb, zavodun bütün qurğuları istismara verilib. STAR NEZ artıq yanvar ayında “SOCAR Türkiyə”nin neft emalı-neft kimya inteqrasiyası çərçivəsində istehsal etdiyi ilk nafta məhsulunu “Petkim”ə tədarük edib, dizel və təyyarə yanacağını isə fevral ayından etibarən bazara çıxararaq, Türkiyə və Azərbaycanın iqtisadiyyatına töhfələr verməyə başlamışdır. STAR NEZ ən son texnologiyalar ilə təchiz olunub.

Sənaye 4.0 tələblərinə uyğun layihələndirilən zavodda rəqəmsallaşma infrastrukturunun təkmilləşdirilməsi üzrə işlər davam edir. İclasda STAR zavodunun rəhbərliyi qarşısında istismar dövründə əməliyyat effektivliyinin təşkili ilə bağlı konkret vəzifələr qoyulmuş və müvafiq tələblər müəyyən edilib.

SOCAR-ın STAR neft emalı zavodunun illik emal gücü 10 milyon tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 mln. ton), təyyarə yanacağı (1,6 mln. ton), nafta (1,6 mln. ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında STAR NEZ ilə yanaşı, SOCAR-ın Petkim neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

Emil

Teqlər:

SON XƏBƏRLƏR