Sumqayıtın mərkəzi küçələrindən birinə Sosialist Əməyi Qəhrəmanı, şəhərin fəxri vətəndaşı və Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənovanın adı veriləcək. Doğulduğu Corat qəsəbəsində isə onun büstü ucaldılacaq.
ONA-nın yerli bürosunun məlumatına görə, bu barədə Z.Həsənovanın 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdə bildirilib.
Qeyd edək ki, Zəminə Həsən qızı Həsənova 1918-ci ilin mayın 10-da Sumqayıtda, indiki Corat qəsəbəsində anadan olub. O, əmək fəaliyyətinə Sumqayıt Elektrik Stansiyasında başlayıb. SSRİ-nin Ali Sovetinin Prezidiumunun qərarı ilə 7 mart 1960-cı ildə Beynəlxalq Qadınlar Günü münasibətilə və əmək fəaliyyətindəki uğurlarına görə “Lenin” ordeni və Sosialist Əməyi Qəhrəmanı adı və "Oraq və Çəkic” qızıl medalı təltif edilib. 1969-cu ildə isə Sumqayıtın fəxri vətəndaşı adına layiq görülüb.
Z.Həsənova Azərbaycanın ictimai həyatında da fəal iştirak edib. O, dəfələrlə Sumqayıt Şəhər Şurasının deputatı seçilib, VI Çağırış SSR Ali Sovetinin deputatı olub.
2002-ci ilin 2 oktyabr tarixində Azərbaycan Prezidentinin Sərəncamı ilə Z.Həsənova elm, təhsil, mədəniyyət, iqtisadiyyat sahəsində göstərdiyi fəaliyyətinə və böyük əməyinə görə, Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Görkəmli metallurq Z.Həsənovaya Ələkbər Tağıyevin bəstələdiyi, sözləri R.Zəkaya məxsus "Zəminə” adlı mahnı həsr olunub və müəllifinin Z.Əliyeva olduğu kitab da yazılıb.
O, 2006-cı ildə Sumqayıt şəhərində vəfat edib və onun xatirəsini əbədiləşdirmək üçün yaşadığı binaya xatirə lövhəsi vurulub.
Ramil Zeynallı