"Azərsu" ASC əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə Suraxanı rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlanılıb.
"Azərsu"dan ONA-ya verilən məlumata görə, icra olunan layihələr Bülbülə, Əmircan, Qaraçuxur, Zığ, Yeni Suraxanı və Yeni Günəşli qəsəbəsi D yaşayış massivini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir.
Layihə çərçivəsində Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi və ətraf ərazilərdə, Atamoğlan Rzayev və Səttar Bəhlulzadə küçələrində yeni su təchizatı şəbəkəsi yaradılır. Burada müxtəlif diametrli borularla 18 km uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Ümumilikdə bu ərazilərdə görülən işlərdən 7 min nəfər faydalanacaq.
Yeni Günəşli qəsəbəsi "D" massivinin relyef baxımından yüksəklikdə yerləşən hissəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli borularla 3,2 km su xətləri çəkilir. Görüləcək işlər nəticəsində bu ərazidə 10 mindən çox sakinin içməli su təchizatı fasiləsiz rejimə keçiriləcək.
Qaraçuxur qəsəbəsinin Şərq massivində, həmçinin Nazim İsmayılov, Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov, Əli Məmmədov, Əmircan qəsəbəsi Malik Mustafayev, Elxan Həsənov, Park, Vladimir Balandin küçələrində müxtəlif diametrli borularla 12 km uzunluğunda yeni su şəbəkələri yaradılacaq. Bununla da adıçəkilən ərazilərdə 11 mindən çox sakinin içməli su təchizatı yaxşılaşacaq.
Ümumilikdə, Suraxanı rayonunda icra olunan layihələr çərçivəsində 33 km-dən çox su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq. Layihələrin icrasına başlanandan qısa müddət ərzində su xətlərinin 7 km-lik hissəsi tikilib. Ümumilikdə Suraxanı rayonunda icra olunan layihələrdən 30 mindən çox sakin faydalanacaq.