Trans-Adriatik kəmər (TAP) vasitəsilə qazın kommersiya həcmlərinin nəqli 2020-ci ilin ikinci yarısında başlayacaq. ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev deyib.
Onun sözlərinə görə, Trans-Anadolu qaz kəməri (TANAP) üzrə gecikmələr nəzərdə tutulmur və iyunun sonunda bütün işlərin tamamlanması nəzərdə tutulub.
Azərbaycanın “Şahdəniz-2” lahiyyəsi çərçivəsində hasil edilən qazın Avropaya ötürülməsini təmin edəcək TANAP-ın Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan II fazasının son mərhələsinə start verilib. Sözügedən proses çərəivəsində aprelin 15-dən etibarən sınaq məqsədi ilə sistemə qazın verilməsinə başlanıb. Bu ilin iyununda sistemin istismara hazırlıq işlərinin tamamlanması və Avropaya sınaq qazının nəqli üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulub.
V. Əliyevin sözlərinə görə, TAP-a qaz sınaq üçün lazım olacaq və o qaz veriləcək: "Lakin, kommersiya əməliyyatlarına 2020-ci ilin ikinci yarısında başlanacaq".
Qeyd edək ki, TAP-la qazın nəqli 2020-ci ilin iyulun əvvəlindən başlanacağı gözlənilirdi.
V. Əliyev onu da qeyd edib ki, gecikmənin səbəbləri kimi İtaliya ərazisində vaxtı ilə yaranan çətinliklər, texniki məsələlər də göstərilə bilər.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.