Tikintinin başlanmasından təxminən 4,5 il sonra Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası əsaslı şəkildə tamamlanıb.
"APA-Economics"in TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, TAP boru kəməri artıq Yunanıstan-Türkiyə sərhədindən cənubi İtaliyadakı boru kəməri qəbul terminalına qədər təbii qazla doldurulub. TAP hazırda ticarət əməliyyatlarına başlamaq və bitişik əraziyə uyğun olaraq bazara potensial təklif etmək üçün hazırlıqlarını başa çatdırır.
Planlara və hədəflərə uyğun olaraq, TAP vasitəsilə İtaliyaya qaz tədarükü noyabrın ortalarında planlaşdırılır.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan və Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
Xatırladaq ki, "Şahdəniz-2" yatağından çıxarılan təbii qaz Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsi ilə Avropaya test rejimində daşınmasına başlanılıb. Qaz Türkiyə-Yunanıstan sərhədində birləşən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Adriatik dənizini keçəcək və İtaliyaya qədər çatdırılacaq. TAP-a test üçün və hətta xətdə qalacaq qədər sınaq məqsədilə qaz vurulub. Kəmərin 2021-ci ilin I rübündə tam gücü ilə fəaliyyət göstərəcəyi gözlənilir.
Azərbaycan Respublikasının Prezidenti 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə "Cənub Qaz Dəhlizi" QSC-nin yaradılması haqqında sərəncam imzalayıb. CQD Azərbaycan İqtisadiyyat Nazirliyi (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.