• İQTİSADİYYAT

    15:56 19 mart 2019

Tikinti şirkətlərinin ödəyəcəyi haqqın bölgü mexanizmi müəyyənləşib

Dövlət qurumları tərəfindən tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması, habelə tikinti fəaliyyəti sahəsində göstərilən digər xidmətlərə görə haqq ödəniləcək.

ONA-nın məlumatına görə, bu, bu gün Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən Torpaq Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Beləliklə, tikinti məqsədləri üçün dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ayrılarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy verilməsinə görə xeyrinə torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmiş şəxs Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi hallarda və məbləğdə xidmət haqqı ödəyəcək.

Həmin xidmət haqqının Prezident Administrasiyası və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən edilən hissəsi Prezident Administrasiyasında, Prezidentin İşlər İdarəsində, Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürüləcək.

Bu vəsaitin bölgüsünü Azərbaycan Prezidenti, ondan istifadə qaydasını Prezident Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Prezidenti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinə münasibətdə
Nazirlər Kabineti müəyyən edəcək.Eyni zamanda vəsaitdən istifadənin vahid qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilənədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin vəsaitlərdən istifadənin qaydasını Prezidentin Administrasiyası ilə razılaşdırmaqla müəyyən edəcək.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR