Trans-Adriatik kəmərinin (TAP) dəniz hissəsinin tikintisi çərçivəsində Adriatik dənizinin Albaniyada olan ərazisində ilk borular suyun dibinə endirilib.
ONA-nın TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, bu əməliyyata layihənin "offshore" hissəsinin dizayn, satınalma, tikinti və quraşdırma üzrə podratçısı olan "Saipem" şirkəti boru kəmərinin tikintisi üçün “Castoro 10” borudüzən barjı cəlb edib. Polad boruları sahildən 1,4 km məsafədə olan gəmidə qaynaq edilib, yoxlanılıb və dənizin dibinə buraxılıb.
Hazırda “Castoro 10” Albaniya dayaz sularında boru kəmərinin tikintisini davam etdirir .İşlər bitdikdən sonra boru boyunca optik kabelin çəkilişi də nəzərdə tutulub.
Qeyd edək ki, TAP-ın dəniz hissəsinin tikintisi 2018-ci ilin oktyabrında başlayıb. Albaniya və İtaliya sahillərini birləşdirəcək kəmərin dəniz hissəsinin uzunluğu 105 km olacaq.