Serbiya "Türk axını" qaz kəmərinin Bolqarıstan hissəsinin tamamlanmasını gözləmədən öz ərazisində tikinti işlərinə start verib.
ONA-nın Rusiyə mətbuatına istinadən verdiyi məlumata görə, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı bildirib ki, tikilən qaz kəmərinin uzunluğu 400 km təşkil edəcək: "Biz Bolqarıstan hissəsinin tikilməsini gözləməyəcəyik".
Daçiç onu da bildirib ki, Serbiya ərazisində tikinti işlərin bitməsi 2019-cu ilin sonuna qədər planlaşdırılır. Qaz kəmərinin Serbiya ərazisində (Bolqarıstan sərhədindən Macarıstan sərhədinə kimi) olan hissənin tikintisini "Qazprom" və "Serbiyaqaz"ın müştərək müəssisi sayılan "Gastrans d.o.o. Novi Sad" həyata keçirir.
"Türk axını" qaz kəməri hərəsi 15,75 mlrd. kubmetr olan iki xətdən ibarət olacaq. Kəmərin 2019-cu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.