• İQTİSADİYYAT

    13:51 27 mart 2019

Türkiyə Azərbaycan qazının idxalını artırıb

Türkiyə 2019-cu ilin yanvar ayında Azərbaycandan 808 mln. kubmetr qaz idxal edib ki, bu da 2018-ci ilin yanvar ayı ilə müqayisədə 36% çoxdur. Bununla da, Azərbaycan Türkiyənin ümumi qaz idxalında üçüncü yerdə qərarlaşıb.

ONA-nın Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə ötən ilin yanvar ayında Azərbaycandan 594,15 mln. kubmetr qaz idxal edib.

Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur ki, yanvar ayında bu ölkədən Türkiyəyə təxminən 1,84 mlrd. kubmetr mavi yanacaq ixrac olunub. İkinci yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 824 mln. kubmetr qaz nəql edib.

Qeyd edək ki, yanvar ayında Türkiyənin qaz idxalı 2018-ci ilin eyni ayına nisbətən 6,54% azalaraq 5,81 mlrd. kubmetr təşkil edib. Belə ki, ötən ilin yanvar ayında Türkiyə 6,23 mlrd. kubmetr qaz idxal edib.

Bu ilin yanvar ayında Türkiyəyə idxal olunmuş ümumi qazın 3,47 mlrd. kubmetri boru xətti şəbəkəsi vasitəsilə həyata keçirilib, idxalın 2,34 mlrd. kubmetrini isə mayeləşdirilmiş təbii qaz (LNG) təşkil edib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR