• İQTİSADİYYAT

    15:16 18 mart 2019

Azərbaycan Beynəlxaql Bankı Türkiyə bankları ilə əlaqələri genişləndirir

Azərbaycan Beynəlxalq Bankının (ABB) rəhbərliyindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olub. Onlar Türkiyənin aparıcı maliyyə qurumlarından Türkiyə İş Bankası və QNB Finansbank-ın rəhbər heyəti ilə görüşlər keçiriblər. ONA-nın məlumatına görə, Türkiyə bankları ilə təcrübə mübadiləsinin aparılması Azərbaycan Beynəlxalq Bankının yeni İnkişaf Strategiyasının hazırlanması layihəsi çərçivəsindədir. Məlum olduğu kimi, bu ilin əvvəlindən bankın növbəti üç il üzrə strateji inkişaf planının hazırlanması üzrə nüfuzlu beynəlxalq konsaltinq şirkəti ilə birlikdə iş gedir. Burada xarici bankların, xüsusilə qonşu ölkələrdən Türkiyə və Rusiya banklarının müxtəlif seqmentlər üzrə əldə etdiyi mütərəqqi təcrübənin öyrənilməsi və tətbiqi mühüm yer tutur.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov səfərin kifayət qədər uğurla keçdiyini bildirib: “Həm Türkiyə İş Bankası, həm də QNB Finansbank Türkiyənin və ümumilikdə regionun iqtisadi həyatında mühüm rol oynayan maliyyə institutlarıdır. Rəqəmsal bankçılıq, İT transformasiya, qabaqcıl risk menecment təcrübəsi və real sektora təqdim olunan innovativ maliyyə alətləri istiqamətində banklarla maraqlı müzakirələrimiz oldu. Keçirdiyimiz görüşlər, əldə edilən təcrübə ABB-nin fəaliyyəti üçün, inanırıq ki, çox faydalı olacaq”.

Abbas İbrahimov xarici banklarla, o cümlədən Türkiyə bankları ilə əlaqələrin bundan sonra daha da genişləndiriləcəyini deyib. Onun sözlərinə görə, Türkiyə banklarına yüksək nəticələr qazandırmış bir sıra uğurlu yanaşmalar, innovativ texnologiyalar bazarın xüsusiyyətləri nəzərə alınmaqla ABB-nin strategiya layihəsində də nəzərə alınacaq və gələcək fəaliyyətində tətbiq ediləcək.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR