Dünən axşam saat 23:20 radələrində Petkim limanının 5 saylı yanalma körpüsünə maye hidrokarbon doldurmaq üçün yaxınlaşan zaman İtaliya bayraqlı , “Synzania” adlı gəmidə məlum olmayan səbəblərdən yanğın baş verib. Bu barədə "APA-Economics"ə “SOCAR Türkiyə”dən bildirilib.
"Əməkdaşlarımızın dərhal müdaxiləsi nəticəsində yanğın söndürülmüş, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir", - deyə “SOCAR Türkiyə”dən qeyd olunub.
Məlumata əsasən, bütün gəmi əməkdaşları təxliyə edilmiş; yaralı bir gəmi əməkdaşı vəfat etmiş , qazdan zəhərlənən bir nəfər isə müalicə və müayinə üçün xəstəxanaya yerləşdirilmişdir. Yanğının səbəbi araşdırılır.
Qeyd edək ki, bu gün Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən və SOCAR-a məxsus olan "Petkim" limanında gəmidə partlayış baş verib. Partlayış yanğına səbəb olub. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 16 nəfər müxtəlif xəsarət alıb.
***
10.49
Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən, SOCAR-a məxsus olan "Petkim" limanında gəmidə partlayış baş verib. Partlayış yanğına səbəb olub.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 16 nəfər müxtəlif xəsarət alıb.
Hadisənin səbəbi hələlik məlum deyil.