Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə avqustun 12-də Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turistik zonasında Birinci Xəzər İqtisadi Forumu keçiriləcək. Forum çərçivəsində beynəlxalq konfrans, Xəzər İnnovasiya Texnologiyaları Sərgisi, eləcə də dövlətlərin, işgüzar dairələrin və şirkətlərin nümayəndələri arasında görüşlər təşkil olunacaq.
ONA-nın Türkmənistan mətbuatına istinadən verdiyi məlumata görə, tədbirə Xəzəryanı ölkələrin nümayəndə heyətləri, o cümlədən hökumət başçıları və üzvləri, sahilyanı regionlarının və regional icra orqanlarının rəhbərləri, bank sektorunun nümayəndələri və Xəzər regionunun və maraqlı ölkələrin işgüzar dairələri, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri dəvət olunur.
Birinci Xəzər İqtisadi Forumu çərçivəsində ticarət və iqtisadi əlaqələrin inkişafı, əsasən də böyük layihələr üçün şəraitin yaradılması, Xəzər regionunun iqtisadiyyatının qlobal kontekstdə rolu, sənaye, enerji, kənd təsərrüfatı, ticarət, turizm və digər sənaye sahələrində investisiya cəlbediciliyinin müzakirələri nəzərdə tutulub.