Ukraynanın "Naftoqaz" dövlət strukturuna daxil olan "Ukrqazdobıça" şirkəti Azərbaycanda quyuların qazması və tikintisi, həmçinin kadrların hazırlanması sahəsində fəaliyyət göstərən podratçı şirkətləri cəlb etmək niyyətindədri. ONA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən "UGV Technology Day" çərçivəsində çıxış edən "Ukrqazdobıça"ın qazma departamentinin təmsilçisi Andrey Delitkaniç bildirib.
Onun sözlərinə görə, Ukrayna bazarında quyuların sementlənməsi, qazma həlli ilə təminatı, maili qazma, qazma sahələrinin tikintisi və başqa seqmentlər üzrə xidmətlərin göstərilməsinə böyük tələbat var.
"Kadrların hazırlanması çox vacib bir sahədir. Biz bilirik, Azərbaycanda bu sahədə böyük təcrübəyə malik olan şirkətlər mövcuddur və biz onları kadrların hazırlanması prosesinə cəlb etmək istərdik”, - deyə A. Delitkaniç qeyd edib.
A. Delitkaniç onu da bildirib ki, Ukraynada qaz hasilatının artırılması sahəsində hazırda böyük işlər aparılır və bu prosesdə xarici şirkətlərin iştirakı vacibdir. Planlara əsasən, 2019-cu ildə "Ukrqazdobıça" ölkədə 107 quyunun qazılmasını nəzərdə tutub. Keçən il bu göstərici 92 idi.
Qeyd edək ki, 2018-ci ildə Ukraynada hasil edilən 20 mlrd. kubmetr qazın 15,5 mlrd. kubmetri "Ukrqazdobıça"ın payına düşüb.