Mayın 5-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Ümid” yatağındakı “Ümid-1” platformasında olmuş, burada həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə baxış keçirmiş və yeni quyunun qazılmasına start verilib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, şirkət rəhbərinə istehsalat ərazisində həyata keçirilən təmir işləri barədə məlumat verilmiş, qeyd edilmişdir ki, “Ümid” yatağından hasilatın tezləşdirilməsi üçün Ümid -1 platformasından əlavə 2 quyu qazılacaq.
Məlumata əsasən, yeni quyuların qazılması ilə əlaqədar platformada yenidənqurma işləri aparılıb, istehsal gücü artırılıb, qaz hasilatının gündəlik 2,4 mln. kubmetrdən 6,6 mln. kubmetrə qədər çatdırılması planlaşdırılıb. Platformada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə avtomatlaşdırılmış yanğınsöndürmə, rəqəmsal nəzarət-idarəetmə, video müşahidə sistemləri quraşdırılaraq, istifadəyə verilib.
SOCAR prezidentinin iştirakı ilə “Ümid-1” platformasında yeni hasilat quyusunun qazılmasına start verilmişdir. Quyunun layihə dərinliyi 6 270 metr, hasilatı isə gündəlik 1,5-2 mln. kubmetr qaz həcmində planlaşdırılır. Quyu istismara verildikdən sonra “Ümid” yatağından qaz hasilatının gündəlik 3-3,5 mln. kubmetrdən 4,5-5 mln. kubmetrədək artırılması gözlənilir. Yeni quyunun layihələndirilmə işləri SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən aparılıb, Böyük Britaniyanın məşhur “Norwell” mühəndislik şirkəti ilə razılaşdırılıb. Quyunun qazmasına hazırlıq işləri 2019-cu ilin may ayında başlanılıb. İlk dəfə olaraq burada bütün qazma prosesi “Umid Babek Operation Company” (UBOC) Əməliyyat Şirkəti tərəfindən idarə ediləcək.