• İQTİSADİYYAT

    14:17 15 mart 2019

UNDP Azərbaycanda sosial sahədə aparılan islahatları yüksək qiymətləndirib

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) rəhbərinin müavini və UNDP-nin Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Spolyariç Eqqerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən ONA-ya verilən məlumata görə, görüşdə UNDP-nin Azərbaycandakı rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti, Proqramın Avropa və MDB üzrə regional bürosunda Koordinasiya və Əlaqələndirmə üzrə mütəxəssisi xanım Manal Founani, UNDP-nin Azərbaycan ofisinin Proqram məsələləri üzrə müşaviri xanım Leyla Fathi və Proqramın məşğulluq üzrə baş mütəxəssisi xanım Vesna Dzuteska Bişeva da iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin ölkədə rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasına imkan verdiyini vurğulayıb. Nazir ölkədə əmək, məşğulluq və sosial müdafiə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, sosial müdafiə siyasətində aktiv tədbirlərə üstünlük verildiyini, özünüməşğulluq proqramının genişləndirildiyini qeyd edib.

S. Babayev bildirib ki, milli sosial müdafiə sisteminin inkişafı məqsədilə ötən dövrdə aparılan islahatlarda UNDP ilə birgə icra olunan layihələr mühüm önəm kəsb edib. Həmçinin, Nazirliyin sözügedən Proqramla birgə layihəsi olan, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) də dəstək verdiyi və hazırda davam edən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi kimi vacib məqsədə xidmət edir.

Nazir ötən ilin dekabr ayında Nazirliklə UNDP arasında imzalanan “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin əməkdaşlığın daha bir mühüm istiqamətdə davam etməsinə imkan verdiyini deyib. O qeyd edib ki, layihə əlilliyi olan şəxslərin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək vermək məramına xidmət edir. Həmin layihə üzrə hazırlıq işləri aparılır. Bu ilin fevral ayında isə Nazirliklə UNDP və BMT-nin Əhali Fondu arasında “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” layihəsi də imzalanıb. Bütün bunlar ötən dövrdə formalaşmış uğurlu əməkdaşlığın getdikcə daha da geniş miqyas aldığını göstərir.

Öz növbəsində M.S. Eqqer UNDP ilə Azərbaycan arasında əməkdaşlığın uğurla davam etməsindən, eyni zamanda, sosial müdafiə, məşğulluq sahəsində birgə işlərin əhatə dairəsinin genişlənməsindən məmnunluq ifadə edib. O, ölkədə sosial sahədə aparılan islahatların, həssas qruplarla bağlı aktiv məşğuluq tədbirlərinin təqdirəlayiq olduğunu və bu sahədə UNDP-nin qarşıdakı dövrdə də əməkdaşlıq edəcəyini bildirib.

Görüşdə ötən dövrdə icra olunan birgə layihələr çərçivəsində aparılan işlər, imzalanan yeni layihələrlə, əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR